Mərdimazar adamlar olur da həmmişə, görürsən cəmiyyətin içində birin firitdiyif güdaza verir. Bular firitdədi cavan-cavan uşaxları: – Ə, Nuhun başı xarab oluf, götürün onu daşdıyın, salın evinə. Götdü hərə bir daş, Nuhu qava-qava apardılar saldılar darvazasınnan içəri, qayıtdılar. Bir gün belə, beş gün belə, Nuh çölə çıxası olmadı. Okqədərənə buna əzab verdilər ki, axırda dözmədi. Bir dəfə də başın belə çıxarırdı darvazadan, görüm uşax-muşax yoxdu ki. Elə belə çıxartmax isdiyəndə daşın biri düz burasınnan tutdu, başı yarıldı. Əlin belə tutdu, gördü qan gözünün üsdünü örtür. Belə sildi, başını qaldırdı dedi:
– Başına dönüm, mənə bunnan ötrü peyğəmbərrih verirdin? Görürsən ki, bular yola gəlmir da, mən neyniyim?
Dedi: – Get bir gəmi qayır. Az vaxda olara nə olajağın göstərəjəm. Bu başdadı ağaşdan gətdi. Öz inandığı adamlar vardı, hansı ki, bunun dediklərin qəbul eliyirdi, buları çağırdı yığdı. Meşədən ağaş gətirdi, başdadı gəmini hazırramağa. Genə həmənki mərdimazarrar gəldilər gəminin içini mundarradılar. Bir səhər ertə gələndə gördü gəmi çox pis vəziyyətdədi. Yenə başın qaldırdı hak dərgahına:
– Mənim Allahım, hər şey saa agahdı.
Dedi: – Narahat olma, sən işində ol. Bu, işin görürdü. Səhər ertə hay düşdü ki, şəhərdə cüzam xəstəliyi törənib. İnsanın bədənində geyişmə, pis bir vəziyyət yaranıb, çox pis xəstəlihdi. Bunun biri o qədərənə geyişdi ki, getdi başdadı bu gəmiyə belə-belə sürtünməyə. Birdən ayağı sürüşdü, tapbıltıynan mundarradıxları şeyin içinə düşdü. Düşdü, çabaladı, çıxdı. Elə çölə çıxanda gördü ə, bir dənə yarası, bir dənə xorası qalmıyıf. Hay düşdü, bütün şəhər elədikləri nəcisi dərman kimi istifadə etdi.
Elə sildilər, süpürdülər, elə təmizdədilər ki. Nuh dedi: – Başa düşdünüz, düşmədiniz? Genə başa düşmüyənnər oldu. Bir qoja qarı da çörəh bişirirdi. Nuh elan verdi ki, bütün cannılardan hərəsinnən bir cüt gəmiyə minsin. Kim mana inanırsa, gəlsin gəmiyə, yoxsa dünyanın üzün su alajax, məhv olajax. Rəvayətə görə, qarı da çörəh bişirirdi. Onun elçisinə dedi ki, başına dönüm, peyğəmbərə denən məni də gözdəsin, çörəyi qurtaran kimi gəlirəm. Su gəldi, gəmi qalxdı, qarı qaldımı? Rəvayətə görə oğluynan ayləsi də boğuldu öldü. Orda Nuh peyğəmbər əlin qaldırdı hak dərgahına ki, ilahi, axı bu mənim özümkü idi.
Dedi: – Yox, sənnən törəsə də, sənnən döylü. Ona görə də onun hakkında xayiş eləmə, olar qərq olmalıdı. Ona görə oğluynan arvadı boğuldu məhv oldu. Deyilənə görə, neçə min illər keşdi, Nuhun gəmisi gəldi Ağrı dağında dayandı. Hardan ki, başdamışdı, elə həmən yerdə. O dəkqə də peyğəmbər gördü kü, qarı əl-ətəyin yığışdırıf ayannan bəri gəlir. Özü də məhətdəl qaldı. – Ya peyğəmbər, getmirih?
Dedi: – Gedif gəlmişih.
Dedi: – Nətəri gedif gəlmişih? Dedi: – Sənin xəbərin olmadı?
Dedi: – Vallah, mən çörəh bişirirdim, heş nədən xəbərim olmadı. Deyir: – Heş nə hiss eləmədin? Dedi: – Təzəh yığırdım, gedirdim təzəyi qaldıranda görürdüm altı yaşdı. Deyirdim quru yerdə nətər olur təzəyin altı yaş olur. Dedi: – Fikir ver, oları ağlına vur, o qüdrət sahibinin nəyə qadir olduğunu başa düş. Allah-tala səni min il o sajın böyründə eyni vəziyyətdə saxlıyıf və o çağlıyan sular, sellər, tufanlar sənin heş həndəvərinə yaxın gəlmiyif (Qarabağ: folklor da bir tarixdir, II cild, s. 11).