Ülkər ildızı dörd öküzdü, bir cütcüdü, bir cərgəfçidi. Altı ildızdı. Ona heylə deyillər. Ona Ülkər deyillər. Yaz qəhət gəlif. Allah nəhlət eləmiş gavırda ot varmış. Bir müsurman çobanın da otu qutarmışmış. Çoban gedif ot isdiyif. Deyif: – Qızıı ver maa, saa ot verim? Deyif: – Yaxşı. Axşam gəlif bını qızına deyif. Qızı da bına qəmgin oluf. Götürüf çobanın çomağını atıf əynə. Axşam duruf çölə çıxıf, görüf ki, Ülkər ildızı çıxıf. Deyif: Aşıx, yaza nə qaldı? Sındı saza nə qaldı? Ülkər yana sallandı, Görün yaza nə qaldı? İndi obaşdan qız duruf görüf dan ulduzu doğuf. Deyif: Mən aşığam, ay haray! Ülkər batdı, ay haray! Dan ildızı baş verdi, Ayrılıxdı, ay haray. Qız axşam bı sadanı çəkir, obaşdan da bı sadanı çəkir. Qız gedif yatır. Obaşdan duruf görüflər ki, ot qalxıf ağılın * başına. Çoban da axtarıf, ağacı düşmüşmüş otun içinə, tapmıyıf. Allah-tala bir bar töküf, bir ot töküf, qızın o iki nalasıynan. Allaha üz tutuf dayna, Allahı çağırıf. O qız gavıra qismət olmuyuf. Qoyun gedif otduyuf, qız da qalıf dədəsinin əvində (Qarabağ: folklor da bir tarixdir, I, S. 17).
************
Novruz bayramında – yaz gələndə o ulduz batır, əyilir. Belə bir söz var. Deyir ki, o dövürdə heyvan qıtdığı olan vaxtda, bı örüşzad qutarır, qoyunnarın ajdığı başdıyan vaxtda bir tərəkəmə bir imkannı tərəkəmədən örüş isdiyir qoyun otarmağa. Bı da vermir, onun qabağına ağır şərt qoyur. Bına da evdə razı olmullar. Kişi də varı qırılmasın deyə, məcburiyyət qarşısındadı, durub qızına bu fikri deyir. Deyir ki, mən o qonşıdan örüş isdiyirəm qoyun ottasın. O da deyir ki, qızı mənə ver, mən də örüşi verim. Qız deyir ki, ata, olmaz da bı iş. Qız durub qapıdan çıxanda, kişi də bının arxasıncan ağacını atır – çomağını atır. Gejə qarannıxda tay çomağı da tapmıllar. Qız gejə durub göyə baxır, görür Ülkər sallanıb. Deyir ki: Ülkər yana sallandı, Doğdu yana sallandı. Dur bir gör, ay ata, Daha yaza nə qaldı? Yəni yaz çatıf da, bir-iki gün qalıf. Yatıllar, səhər duruf görüllər ki, ot bitif. Amma ağac da tapılmır (Qarabağ: folklor da bir tarixdir, III, s. 23-24).
II mətn
Günnər uzanan vaxtı Ülkər bı tərəfdən – günçıxannan doğur. Gün gödələn vaxtı bu tərəfdən (günbatandan – top.) doğur. Ona Tərəzilər də deyillər, Ülkər də deyillər. Altı ulduzdu, ikisi birdi, ikisi birdi, ikisi də birdi. Ülkərin də mənası budu (Qarabağ: folklor da bir tarixdir, III, s. 23-24).
III mətn
Ülkər ulduzu yeddi ulduzdu. Dekabrın on beşində batır. Dekabrın on beşi batanda dağ keçiləri qarışır o biri keçilərə. Təkə onda qarışır keçiyə. Hamısının bırnı göydə ancaq o ulduzu güdür. O da bircə gün görükmür, o da düşür dekabrın on beşinə. O ulduz batmasa, olar keçilərə qarışmaz (Qarabağ: folklor da bir tarixdir, III, s. 23-24).