Ovçu bir qızı sevir, onu evinə qonaq aparır. Qız tezdən durandan hər tərəfə nur yayılır. Ayın gözləri qamaşır, Günə yaxın gedə bilmir. Ayın qonşusu Günü tutmaq istəyir, ancaq tuta bilmir. Günəşin sinəsindən oxla yaralayır. Günəş yaralı-yaralı göyün üst qatına qaçır. Donundadı qan izləri qurşaq şəklində yağışdan sonra görünür. Ay tutduğu işdən peşman olur, Günəşi axtarmağa gedir, ancaq ona çata bilmir (A.Acalov, Azərbaycan mifoloji mətnləri, s. 37, mətn 12 (S.Paşayev, Azərbaycan Xalq Əfsanələri, s. 137).
***
Anası Ayı oxlov gətirməyə göndərir. Ay oxlovu bacısı Günəşin gətirməsini istəyir. Onlar savaşırlar. Ana əli xəmirli Ayı vurur. Hər ikisi evdən qaçır. O vaxtdan Ayın üzü ləkəlidir, Günəş günahı olmadığı üçün gündüz, Ay isə gecə çıxır (Paşayev, AXƏ, s. 138, A.Acalov, Azərbaycan mifoloji mətnləri, s. 38, mətn 13).
***
Günəşlə Ay bacı-qardaşdır. Anaları xəmir yoğurur. Günəş birdən xəmiri götürüb Ayın üzünə çırpır. Ana onlara qarğış edir ki, bir-birinə həsrət qalsınlar (AFA, Naxçıvan folkloru, XXIII kitab, s. 99; A.Acalov, Azərbaycan mifoloji mətnləri, s. 35, mətn 5).
***
Günəş və Ay bacı-qardaşdılar. Günəş qardaşı Ayı qısqanır, ona görə də əlinin xəmirini onun üzünə çəkir. Ayın üzü ləkəli qalır (Qarabağ: folklor da bir tarixdir, I kitab, mətn 3 (II), s.16).
***
Günəş anasına deyir ki, onu elə gözəl yaratsın ki, hamı həsəd aparsın. Ana qızının gözəlliyinə göz dəyəcəyinə görə çox narahat olur. O vaxtdan Günəş iynələrini elə sancır ki, heç kim onun gözəlliyinə baxa bilmir (Qarabağ: folklor da bir tarixdir, I kitab, mətn 3 (I), s.16).
***
Ayla Günəş dünyaya gündüz çıxmaq üstündə savaşırlar. Ay Günəşin gündüz çıxmasını ayıb hesab edir. Günəş Aya şüalarının köməkliyi ilə özünü müdafiə edə biləcəyini söyləyəndən sonra Ay Günəşin gündüz çıxmasına razılaşır. O vaxtdan Ay gecə, Günəş gündüz çıxır (A.Acalov, Azərbaycan mifoloji mətnləri, s. 38, mətn 14).
***
Gün Ayın gözəlliyini qısqanır, ona görə də üzündəki xalı istəyir. Ay xalı verir, üzü qanla dolur. Çirkinləşdiyinə görə Gün daha Ayı görmək istəmir. Ay da Günəşin hərəkətindən hiddətlənib ondan uzaq gəzir. Həm də Gün çıxanda üzünü pərdələyir ki, ləkəsi görünməsin (Dədə Qorqud, 2004, III, s. 128; AFA, Şirvan folkloru, XI kitab, s.62).
***
Ay Günü sevir. Gün onu sevmir. Gün Aydan xilas olmaq üçün yerdən palçıq götürüb onun üzünə atır. O vaxtdan Ayın üzü ləkəlidir (A.Acalov, Azərbaycan mifoloji mətnləri, s. 36, mətn 9; AFA, Borçalı-Qarapapaq folkloru, XXII kitab, s. 47, mətn 11, Şərur folk. örnəkləri, I kitab, s. 39, mətn 19).
***
Ay Günəşi sevir. Günəş onu sevmir, ondan xilas olmaq üçün hey qaçır, Ay onu tutmaq üçün fırlanır. Ona görə də Ay çıxanda Günəş, Günəş çıxanda Ay yox olur, bir-birini görə bilmirlər (Şərur folkloru, I kitab, s. 42, mətn 19).
***
Cinlər, əjdahalar Günəşlə düşmənçilik edirlər. Bir dəfə onlar savaşırlar. Davada Günəş boğulur, üzünə qırmızı qan gəlir. O vaxtdan Günəşin rəngi qırmızıdır (A.Acalov, Azərbaycan mifoloji mətnləri, s. 38, mətn 15).
***
Günəş Ayın xanımı olur. Günəş ev işlərini görüb yorulur. Təndirə çörək yapanda Ay gəlib yorğun Günəşlə zarafatlaşmağa başlayır. Günəş bu zarafatdan qəzəblənib əlindəki xəmiri Ayın üzünə atır, onu təndirin yanında qoyub özü qaçır. O vaxtdan Ay Günəşi tuta bilmir. Ayın üzü ləkəlidir (Baqri, III kitab, s.10).